Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

TARİXİ ONOMASTİK LEKSİKADA ŞAMANİZMİN İZLƏRİ (MAHMUD KAŞĞARLININ «DİVANÜ LUĞAT-İT-TÜRK» LÜĞƏTİ ƏSASINDA)

Tədqiqlər - 3. Bakı, 2006, c. 311-317.

T ürk xalqlarının çoxyüzillik tarixi gedişini izləməkdə Mahmud Kaşğarlının məşhur “Divan”ı əvəzssiz qaynaq rolunu oynayır. Türk dillərinin ilk yaranma dövrünün onomasioloji xüsusiyyətləri bu əsərin lüğət tərkibində də öz əksini tapa bilmişqdir. «Divan»da bu gün arxaik görünən xeyli miqdarda praformalar vardır ki, onların müəyyənləqdirilməsi, həmin zamanın ad sistemində mövcud olan qalıqların inkişaf və təkamülünü dəqiqləşdirmək, onların tarixən və indiki şəraitdəki qarşılıqlı əlaqəsini aşkarlamaq baxımından xüsusi önəm daşıyır.

Tarixi onomastik leksikanın qorunub saxlandığı ensiklopedik mənbələrdən ən mötəbəri Mahmud Kaşğarlının «Divanü luğat-it-türk» əsəridir. Bu ensiklopedik sözluk təkcə mədəni tariximiz üçün deyil, həm də türk dillərinin tarixi üçün əvəzssiz, önəmli bir qaynaqdır. Bu gün bəzi qaranlıq nöqtələrin aydınlaşdırılmasında həmin «Divan»dan böyük ölçüdə yararlanmaqdayıq.

Ümumən leksika, o cümlədən onomastik leksika həm də cəmiyyətin inancını, dini dünyabaxışını öz içində qoruyub saxlayan mənəvi və qiymətli sərvətlərdəndir. Bu sərvətlərdə təsvir olunan dövrün ad sistemində qədim insanların magig təsəvvürləri, etiqatları bu və ya digər dərəcədə qalmışdır. Bu «qalıqlar»ı axtarmaq, leksik-onomastik vahidin semantikasında üzə çıxarmaq nə qədər çətindirsə, bir o qədər də şərəfli və məsuliyyətli işdir.

Onomastika elmi ilə məşğul olan alimlər haqlı olaraq göstərirlər ki, tarixi onomalogiyada elmi axtarışlar qədim dövrə doğru istiqamətləndirilir, keçmişdə hər bir xüsusi adın necə səsləndiyini, hansı məqsədlə yarandığını aşkar etmək qarşıya məqsəd qoyulur. Bununla da etnogenez problemi meydana çıxır. Onomalogiyanın bu növünün tədqiqi əsasında türk xalqlarının mənşəyinə dair tarixi gerçəklikləri aşkara çıxarmaq sahəsində tutarlı fikirlər söyləmək mümkündür [3, s.42].

«Divan»ın onomastik leksikası üzərində apardığımız müşahidələrimizin tədqiqat istiqamətləri çoxdur. Bu nöqtələrdən birini – «Divan» şamanizmlə bağlı onomastik leksika təşkil edir. Həmin adların tərkibində şamanizmin qalıqlarını müəyyənləşdirmək, dəqiqləşdirmək və onların semantikasını təyin etmək bu məqalədə qarşıda duran vəzifələrdən biridir.

«Şaman» sözün mənası ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər deməkdir. Şamanlar oxumaqla, dəf çalıb-oxumaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarını, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inandılar. Bu sözdən törəyən «şamanlıq-şamanizm» isə bəzi şimal xalqlarında - Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din formasıdır [1, s.498].

Şaman təsəvvürləri, görünür ki, şaman əfsanələrindən qidalanmışdır. Şaman əfsanələrindən aydın olur ki, şaman olacaq adamı albıslar əmizdirirlər. Bu əmizdirmə ritual-mifoloji səciyyə daşıyır. Bununla şaman yeni status qazanaraq, ruhlarla əlaqə yaradır, qamlıq etdiyi vaxt onları görür, onlarla danışır. Adi insan statusundan şaman statusuna keçmə mərasimində süd içməklə şaman olmağa hazırlaşan adam ruhlar aləminin sirlərinə bələd olur, beləliklə də, yeni mərhələyə qədəm qoyur. Bir sıra şaman əfsanələrində şamanı dağ ruhu əmizdirir (bu obraz çox vaxt qadın kimi təsəvvür olunur və mifoloji ana kompleksinə daxildir), bəzən isə qəflətən peyda olan bir qadın… Şaman folklorundan məlum olur ki, şaman olan hər bir adam özünü ruhların mənəvi oğlu adlandırır [2, s.16, 17].

Tarixi şərtlər bir sıra türk boylarının şamanizmi mənimsəmələrinə səbəb olmuşdur, amma şamanlığın qədim türklərdə geniş kütlənin əsl inancı ilə bir bağlılığı olmamışdır. Şamanlıq monqol inancıdır. Yaxın sayılacaq bir tarixə qədər əski türk inancının şamanlıq olduğu qəbul edilirdi. Fəqət son zamanlarda tarixçi alimlər- İbrahim Qafəsoğlu, M. Eliadə və başqaları qədim türk inancının şamanlıqla əlaqəsi olmadığını sübut etmişlər [4, s.11].

Mahmud Kaşğarlının «Divan»ında şamanizmlə bağlı sözlər çoxdur. Bunun səbəbini Türk alimi Abdulkadir İnan belə aydınlaşdırır: “Bu əsəri yazan ərəfədə M.Kaşğarlı 1041-ci ildə müsəlman türklərlə Yabaku və Basmıl türkləri arasında baş vermiş müharibədə iştirak edən Türk qazilərini görmüş və onlarla söhbətləşmiş [2, s .227] , Qazilər haqqındakı dastanlarla tanış olmuş [18, 1, 343; 483] , həmin qazilər ona monqol inacı olan şamanizmdən, ona aid olan kəlmələrdən çox danışmışlar. M.Kaşğarlı müsəlman türklərin əski şamanlıq qalıqlarından olan kəlmələri izah edərkən tam bir şamançı türk kimi danışır. Bəzən, şamançı qalmış inancları ifadə edən kəlmə və terminləri anladarkən “Türklər böylə inanırlar”, “Bu inanış çox yayğındır” deməklə kifayətlənir [17, s. 1] .

Maraqlıdır ki, inam anlayışlı şəxs adlarına qədim türkün yaratmış olduğu ümumtürk abidələrində də rast gəlmək olur. Qədim türklər inanılmış, sınaqdan çıxarılmış, etibarlı adamların adının əvvəlinə Inanç leksik vahidini əlavə etmişlər: Inançu Alp, Inançu Bilgə, Inançu Çikşi, Inançu Çor, Inan Uğraç [5, s.13] .

Qeyd edək ki, şamanizmə aid xeyli söz qalıqları “Divan”ın onomastik vahidlərinin tərkibində qalmışdır. Bunların bəzilərini nəzərdən keçirək:

Kamlançu toponimi. Toponimin ilkin komponentində şaman sözü olan kam\\qam öz izini saxlamışdır. M.Kaşğarlı «Divan»ın 3-cü cildində bu toponimin «kam» hissəsinin kahin, şaman mənasında işləndiyi qeyd edir [18, 3, 157] və belə bir izah verir: Kamlançı =İki Öküze yakın iki küçük kasaba adı [18, 3, 242-18] . Amma böyük türkoloq həmin toponimin bütövlükdə mənasını açmır. Bizə görə, Kamlançı - toponimi şamanların, kahinlərin adət-ənənə, mərasim və ayinlərinin icra etdiyi yer anlamında başa düşülməlidir.

«Divan»dakı ən maraqlı toponimlərdən biri Ötükən dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman allahlarının yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu allaha böyük inanc təsvir olunur. M. Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir [18, 1, 198] .

Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı «hökmdar qadın ölkəsi, ərazisi», «sitayiş edilən yer, səcdəgah», «türklərin müqəddəs dağı» [Bax: 12] mənalarındadır.

Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.

Müasir tuvin dilində bəzi fonetik dəyişikliklə müşahidə olunan Ütüqen coğrafi termini örtülü dağ silsiləsi, sıra dağlar mənasındadır. Bu silsilə dağlar Yuxarı Yenisey ərazisində yerləşir, qədim türklərin müqəddəs saydığı, sitayiş etdiyi inanc nöqtələrindən biri olmuşdur. Maraqlıdır ki, bu ad təkcə monqolların deyil, eləcə də qədir türklərin etnogenezi, dini adət və ənənələrinin monqollarla əlaqəsi barədə əsaslı bilgilər verə bilir.

«Divan»dakı Abakı adında şamanizmin izlərinə rast gəlmək olur. Abakı kiçik bir ərazinin adıdır. Bu ərazidə (bostan və bağçalarda) həm məhsullara göz dəyməmək, həm də qorxu yaratmaq üçün düzəldilmiş adamabənzər şey [18, 1, 136] düzəldilmişdir.

İndi də Azərbaycanın bir çox bölgələrində tarlalarda, bağlarda bu şaman təsəvvürləri qorunub saxlanmaqdadır.

«Divan»dakı şamanizmin izləri Temürkaznuk Temürkazuk ulduz adlarında da qalmışdır. Qədim türk etnosları and içərkən, yaxud sözləşərkən, temüzü (dəmiri) ululatmaq – daha qədimə aparmaq üçün qılıncı çıxaran zaman: «Bu gök girsin, kızıl çıksın» deyərlər ki, «sözünün üstündə durmasan qılı qanına bulandır, dəmir səndən qisasını alsın» deməkdir. Çünki onlar dəmiri böyük, müqəddəs sayarlar [18, 1, 362] .

Umay antroponimi.«Divan»dakı şamanizmlə bağlı adlardan biri də Umay sözüdür. Qədim türklərin tapındıqları varlıqlardan biri də umay olmuşdur. M.Kaşğarli «Divan»ın 1-ci cildində yazır ki, umay son, qadın doğduqdan sonra qarnından çıxan hoqqa kimi şey. Buna cocuğun ana qarnında eşi deyirlər... Bu haqda atalar sözü də var: «Umaya tapınsa, oğul olur». Qadınlar onu uğur sayarlar [18, 1, 123] .

Bilindiyi kimi, Umay qədim türklərin dişi tanrılarından biridir. Mahmud Kaşğarlının bu ruh haqqında verdiyi məlumat, şübhəsiz ki, islamlaşdırılmışdır. Bununla yanaşı, «ümayka tapınsa oğul olur», «kadınlar bunu uğur sayarlar» deyərək qədim inanca da işarə etmişdir [16, s.397-399] .

Umay ilahəsi ümumbəşəri olduğundan bütün türk xalqlarının mif dünyasında özünə yer ayırmışdır. Umay uşaqları, insanları qoruyan, himayə edən qadın ilahəsidir. Umay ilahəsinin adına ilk dəfə Gültəkin abidəsində rast gəlmək olur: «Umay-mər oum katun kutına inim kultikin apam boldı= Umaya bənzər ulu anamın baxtına kiçik qardaşım igidliyi bildirən Gültəkin adı aldı».

Müxtəlif tədqiqat əsərlərində Umayın ilahə, allah, tanrının adı olduğu israrlanır. Amma təsadüf olunur ki, bu ad haqqında müxtəlif fikirlər çoxluq təşkil edir. Məsələn, Umay-körpələri qoruyan mifik qadın məxluqu [15, s.804] ; Umai - körpələrin qoruyucusu, xeyirxah ruhu, ölmüş insanların ruhlarını alıb aparan ruh [14, s.178] ; Umay- ana bətni [10, s. 438] ; doğuşdan sonrakı ana bətni [7, s. 611] ; qu quşu qəbiləsinin banisi, ulu babası [6, s.368] ; öz balalarını nəhəng bir ağacın budaqları üzərinə və yaxud qayanın zirvəsinə çıxaran nəhəng bir quş [9, s.222] ; qadın ilahəsi, təmiz, bakirə qız [8, s.65] ; od anası [11, s. 89] ; ku-qu-quşu anamız [13, s.21] .

Digər bir antroponimdə şamanizmin izləri açıq-aydın duyulur. Bu yer adı Abaçı adlanır. Mahmud Kaşğarlı yazır ki, Abaçı: Umaçı. Cocuqları qorxutmaq üçün “Abaçı gəldi” deyirlər [18, 1, s.136] .

Şamanizmin izləri «Divan»dakı zoonimlərdə- heyvan və quş adlarında qalmışdır.

«Divan»dakı, ümumiyyətlə, bəzi heyvanlara verilən adlardan biri Idık\\idik adlanır. Bu adda da şamanizmin izləri mövcuddur. Bu sözlə xoşbəxt və mübarək olan hər kəs adlandırılır. Maraqlıdır ki, qədim türklər bəzi heyvanları özbaşına buraxarlar. Buraxılan hər heyvana isə Idık adı verilərmiş. Belə heyvanlardan kənd təsərrüfatlarında istifadə olunmaz, onlara yük vurulmaz, südü sağılmaz, yunu qırxılmaz; sahibinin yapdığı bir adak üçün saxlanır [18, 1, s.65] .

Şaman təsəvvürləri «Divan»dakı «US» adında da mühafizə edilmişdir. Bu, kərkəs quşunun adıdır. «Divan»da [18, 1, s. 228] göstərilir ki, us üşgürsə ölür = kerkes kuşu bir adamın üzünə qarşı ıslık çalarsa uğur sayılmaz, bu, ölümə işarədir. Bu quş uğursuzluğun rəmzidir.

Beləliklə, qam-şaman izlərini Mahmud Kaşğarlının «Divanü luğat-it-türk» əsərindən- bu qiymətli toponimik mənbədən axtarmaqla biz qədim türklərin inamlarının tarixən kökündə duran bir çox məsələlər- mif görüşləri, dini adət-ənənələri, ruhlar aləmin sirləri ilə, adqoyma mərasimlərinin magig mifologiyası ilə bağlı dəyərli məlumatlar əldə etmiş oluruq.

ƏDƏBİYYAT


Azərbaycan dilində:

1. Azərbaycan dilinin izahlı lüğəti. 4 c., S-Ş, Bakı, Elm, 1987.
2. Füzuli Bayat. Oğuz epik ənənələri və “Oğuz Kağan” dastanı. “Sabah”, 1993.
3. Qurbanov Afad. Azərbaycan dilinin onomalogiyası. Bakı, “Maarif” nəşriyyatı, 1988.
4. Rəfiq Özdək. Türkün qızıl kitabı. Birinci kitab, Bakı, Yazıçı, 1992.
5. Yunusova V. Orxon-Yenisey abidələrində şəxs adları. Namizədlik dissertasiyasının avtoreferatı, Bakı, 1999.

 

Rus dilində:

6. Башкирский народный эпос. М.: 1977.
7.  Древнетюркский словарь. Л.: Наука, 1969.
8.  Иванов С.В. Скультура алтайцев, хакасов и сибирских татар. Л.: 1979.
9.  Казакские сказки о животных. Алма-Ата, 1979.
10.  Малов С.Е. Памятники древнетюркской письменности. М.: Л.: 1951.
11.  Манжигаев И.А. Бурятские шаманистические и дошаманистические термины. М., 1979.
12.  Потапов Л.П. Новые данные о древнетюркском Отукан .\\ “Советская востоковедение”, 1957, № 1, с. 110; Владимирцов В.Я. По поводу древнетюркского Отцкян ъиш .\\” Доклады АН СССР”, серия В, 1929, № 7, с. 133-136.
13.  Радионов В.Г. К образу лебедя в жанрах чувашского фолкьлера\\СТ, 1983, № 6.
14.  Радлов В.В. Опыт словаря тюркских наречий. Т. 4, ч.2, М.: 1911.
15.  Юдахин К.К. Киргизско- русский словарь. М.: 1965.

 

Türk dilində:

16.  Abdülkadir İnan. Umay ilahesi hakkında\\ Türkiyat 2, 1926; Makaleler ve İncelemeler, 1968.
17.  Abdülkadir İnan. Divanü luğat it-türkte şamanizme ait kelimeler\\ Türk Kültürü, sayı: 100, Şubat-1971.
18.  Divanü luğat-it-türk tercümesi. I (II, III, IV) Çeviren: Besim Atalay . Türk Tarih Kurumu Basımevi, Ankara, 1985.


 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.