Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

MAHMUD KAŞĞARLININ LÜĞƏTİNDƏ HİDRONİMLƏR  

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tədqiqlər 1, Bakı, 2007, səh.: 108-113.

Su obyektləri- çaylar, göllər, arxlar, dənizlər də tarixən türk xalqlarının mədəni və təsərrüfat həyatında önəmli və həlledici rola malik olmuşdur. Bu obyektləri linqvistik baxımdan onomastika, onun qolu olan hidronomika elmi öyrənir. «Onomastikada hidronimlər iki variantda tədqiq edilir. Birinci, toponimlərin bir növü kimi, ikinci ayrıca onomastik vahid kimi. Yer adlarından seçilərək su obyektlərinin adlarını bildirdiyinə görə və həm də bu kimi xüsusi sözlərin toponimlərdən fərqli, özünəməxsus fonetik, leksik, semantik və qrammatik xüsusiyyətləri olduğu üçün ayrıca onomastik vahid kimi öyrənilməsi daha məqsədəuyğundur» [3, s. 259].

Hidronimləri eləcə də tarixilik baxımından öyrənmək xalqların keçmiş təsərrüfatını, məşğuliyyətini də öyrənmək cəhətdən əhəmiyyətlidir.

Mahmud Kaşğarlının lüğətindəki xüsusi adların maraqlı görünən bir hissəsini də hidronimlər təşkil edir. Sözlükdə diqqəti çəkən hironimlər bunlardır: Ceyhun, Firat, Öküz, Benegit, Ila, Jafinç-İkki Öküz, Qaş Öküz, Ürüng Qaş Öküz, Qara Qaş Öküz, Tarim, Usmi Tarim, Ertiş\\İrtiş, Kaz suvı, Abisgün (Hazar\\Xəzər), Körüng göl, Siding göl və s.

Mahmud Kaşğarlının hironimlərlə əlaqərar məlumatları çox maraqlıdır. Qədim türklər «özük» deyilən sözdən istifadə etmişlər ki, bu da oyularaq hovuz düzəldilmiş bir yerdir. Onlar böyük dərələrdən ayrılan hər çaya da «özük suv» demişlər (MK, 1, 71).

Xəzər dənizinin bir çox adları elm aləmində məlumdur. Mahmud Kaşğarlı sərhərlərdən danışarkən yazır ki, bu gün Türk ölkəsinin sınırı (sərhəddi) Abisgün (Hazar) dənizi ilə çevrili olaraq Rum diyarından və Özçentdən Çinə qədər uzanır (MK, 3, 150) Göründüyü kimi, «Divan»da Xəzər dənizinin adı « Abisgün » şəklində verilir. Hazer (Xəzər) adı da lüğətdə tanınmış dəniz kimi təqdim olunur.

Mahmud Kaşğarlı lüğətdə verdiyi hidronimləri «bir suyun adı» şəklində təqdim edir. Məs.: Adhgırak: Adhgırak suvı= Yağma elində bir suyun adı (MK, 1, 144).

Hidronimlərə «Divan»dakı şeir parçalarında da rast gəlmək olur. Məs.:

Usıtgan kuyaş kapsadı

Umunçluğ adhaş yaysadı

Ertiş suvın keçsedi

Budun anın ürküşür.

Mənası: «Susatan güneş kapladı; umulan arkadaş çekemezlik etti. İrtış suyunu keçmek isledi, onunla bizi kuşattı; umulan, beklenen dost bize hased etti. Düşman İrtiş suyunu keçmek üzeredir; bu yüzden ulus arasına ürküntü düştü (MK, 1, 155).

Ertiş suvı Yemegi

Sıtgap tutar bilegi

Kürmet anınğ yüregi

Kelgelimet irkişür.

Mənası: «İrtiş suyunun Yemekleri biliklerini sığadılar, yürekleri pek; bize gelmek üzere toplaşıyorlar». ( Yemek , qıpçaqların bir oymağıdır. Şair yazır ki, bu oymaq biliklerini sığadı, bizə qarşı ürəkləri sarsılmaz bir halda, minlərcəsi üzərimizə gəlmək üçün toplandı) (MK, 1, 325).

«Divan»da hidronimlərə verilən adların səbəbi də göstərilir. Məsələn, «Kaz suvı» haqqında oxuyuruq: « Kaz suvı: Ila= Ilı dərəsinə axan böyük bir çay. Bu adın verilməsinin səbəbi, Əfrasiyyabın qızının bunun kənarında bir qala tikdirməsidir; bu ad oradan qalmışdır (MK, 3, 151).

«Divan»da hidronimlərin bir hissəsi irmaq adı altında verilir. Oğuzlara məxsus olan «Benegit irmağı». Bu haqda verilən məlumat «Öküz» adı ilə əlaqədardır: Ceyhun və Fırat kimi irmağlara verilən addır. Bu kəlmə yalnız olaraq söyləndiyi zaman oğuzca «Benağit» irmağı anlaşılır; çünki şəhərləri onun kənarındadır. Köçebələri dahi bu irmağın kənarında enerlər. Türk ölkəsində bulunan bir çox sular, dərələr "öküz" adı ilə anılır. Sınır (sərhəd) üzərində yerləşən bir şəhərə də bu ad verilmişdir. «İki öküz». Bu şəhər Ila ilə Yafıng dərələri arasında yerləşir (MK, 1, 59). Bəsim Atalay «Beneğit irmağı» haqqında belə bir şərh verir: «Bu kəlimə bu gün Anadoluda «öz» şəklində istifadə olunur, dərə, çay mənasındadır. Çankırı vilayətindəki «Şabanözü» bu qəbilədəndir. Bu kəlmə İranda «özen» formasında işlədilir. Azərbaycanla Gilan arasında axayan çayın adı «Kızılözen»dir (MK, 1, 59).

Lüğətdə «Qara Qaş Öküz» çay adı bəzi dilçilərin fikrincə, qədim türk tayfsı olan Karaqaslarla əlaqədardır [4, s. 120]. Həqiqət oldüğu üçün biz də bu fikrə şərik çıxırıq.

«Öküz» sözü ilə əlaqədar olan çay adlarından biri « Tavuşgan öküz »dür. Bu, Uç şəhərində axan bir suyun adıdır (MK, 1, 513). Bəzi araşdırmalarda bu mürəkkəb nomenli çay adının birinci hissəsini tavşan (dovşan) adı ilə əlaqələndirmişlər. Haqlı olaraq E.Murzayev bu fikrə etirazını bildirib və bu adın birinci hissəsinin «taşqan» (daşan, daşqın sel, axın) sözü ilə bağlılığını diqqətə çatdırır [7, s. 297].

«Divan»da məlumat çatdırılan irmağ adlarından biri də « Ceyhun »dur. Yuxarıda qeyd etdik ki, Ceyhuna verilən adlardan biri öküzdür.

Ertiş çay adı. Digər fonetik variantı İrtiş . Lüğətdə verilən məlumatlar belədir: «Uyğur şəhərlərinə gələnədək Ertiş=İrtiş, Ila =Ilı, Yamar, Etil=İtil, İdil irmakları boyunca məskunlaşmış xalqın dili doğru türcədir. Bunların ən açıq və ən şirini Xakiniyə- Hakanlılar ölkəsi xalqının dilidir (MK, 1, 30). Digər bir məlumat: «Ertiş- «Yemək» kırlarında yerləşən bir irmağın adı. Bir gölə axar, bir çox qolları vardır. Bu suya «Eriş suvı» deyirlər. Söz «ertişmek» felindən, məsdərindən gələn «ertiş» kökündən alınmışdır, «mənimlə yarış, hansımız daha irəli gedəcəyik» mənasındadır (MK, 1, 97).

Ümumiyyətlə, İrtış çay adının etimologiyası haqqında bəzi fikirlər də mövcuddur və bunları xatırlatmaq yerinə düşər. Məsələn, V.P.Semenov göstərir ki, bu çay adı iki hissədən (ir+ tış) ibarətdir. İr- yer; tış isə qazmaq mənasındadır, yəni yeri qazmaq. Görünür, çayın suyu yeri oyduğu, qazdığı üçün müəllif fikrini bu cəhətdən əsaslandıra bilmişdir. E.Koyçubayev [4, s. 85] Ertiş\Ertis\artış adlarının pereval (aşırma, aşma, keçmə, aşırım) mənasında olduğunu güman edir.

E.M.Murzayev İrtış çay adının birinci hissəsini türkmənşəli irmək ( yetmək, çatmaq ) sözü ilə əlaqəsini israrlayır [6, s. 341].

V.N.Popova hesab edir ki, İrtış qədim Hind-Avropa toponimik arealına mənsub bir addır və iki komponentdən ibarətdir: İrtış (ir+tış)-coşqun, dalğalı, iti, sürətli, gur axın mənasındadır [8, s. 19-20].

A.Abdraxmanovun nəzərinə görə, İrtış çay adınının birinci hissəsi türk mənşəli iir\ilp-dolanbac, əyri-üyrü; tış isə çay mənasındadır. Mənası dolanbac, əyri-üyrü axan çay [1, s. 93].

Etil çay adı. Volqa çayının türklər arasında yayılmış keçmiş adı. Etnik-çoğrafi koordinatlarına görə Qıpçaqlara məxsus çaydır, Bulğar dənizinə tökülür, bir qolu da Rus ölkələrinə axır. Bu çay adının İtil, İdil fonetik variantları da mövcuddur. «Divan»da bu çay haqqındakı şeir parçasında oxuyuruq:

Etil suvı aka turur

Kaya tübi kaka turur

Balık telim baka turur

Kölünğ takı küşerür

Mənası: «İdil suyu akar durur, kayaların dibini döger durur, bol balıklar bakar durur, gölçük dahi taşar». (İtil ırmağı katı dağın etegini dögerek akmaktadır. Suyun coşması yüzünden dolan gölde balıklar ve kurbağalar çoxalmışlar) (MK, 1, 73).

X.Xasanov Etil\İtil çay adının «böyük, iti axan çay» mənasında olduğunu göstərmişdir [11, s. 26, 27]. Bizcə, İtil adının tərkibində «iti, sürətli axmaq» anlayışı vardır. Demək, fikir doğrudur.

Bu adların nominasiyasında obyekti üzə çıxaranın adı, xüsusən də su hövzəsinin ona məxsusluğu, obyektin yaxınlığında yaşamış tayfanın adlarından istifadə olunmuş, suyun sürət və istiqaməti ilə bağlı olan bu hironimlərə lüğətdə üstünlük verilmişdir.

Sözlükdə bir sıra göl adları haqqında da danışılmışdır. Mahmud Kaşğarlı «göl» sözündən bəhs edərkən bunun üç mənada –«hovuz» və «birikmiş su», «dənizin özü» anlamlarında işləndiyini göstərir.» Köl- denizin kendisi. Buradan alınaraq dəniz köpüyünə göl köpüyü deyirlər ki, tengiz köpüği deyilməz (MK 3, 136). Bu məlumatdan sonra Mahmud Kaşğarlı aşığıdakı göllərin coğrafi durumu və göl adları barədə yazır:

İşığ göl: Barsganda bir göl. Uzunluğu 30 fersah, eni 10 fersahtır.

Körünğ göl: Kaşğar dağlarında «Biyiz» də bulunan bir gölün adı. Çevrəsi 30 fersahtır. Ad «görünən, aydın» sözləri ilə əlaqədar yaranmışdır. Yəni göl uzaqdan aydın göründüyü üçün belə adlandırılmışdır.

Sidhinğ göl: «Koçnğar Başı»na yaxın bir göl. Adın mənası «sızıb keçən» anlamındadır.

Yolduz göl: Küçe, Kinğüt və Uyğurların sərhəddində yerləşən bir göl. Bu ad da ulduzlara sitayişlə bağlı formalaşdırılmışdır. Göl ulduza bənzədilmişdir.

Ay göl: Uç yaxınında bir yerin adı. Qədim türkün aya inamı, sitayişi ilə əlaqədar adlandırılmışdır.Göl aya oxşadılmışdır.

Tarınğ göl: İki öğüz arasında bulunan bir gölün adıdır. Bu göllərdən hər birinin türk ölkələrində bir çox adları vardır. Mahmud Kaşğarlı deyir ki, mən ancaq İslam diyarında olan göllərdən ən böyükləri haqqında söylədim (MK, 3, 135-136). Mənası «geniş göl» deməkdir. Bartold Tering gölün müasir Balxaş gölü olduğunu və ən böük, geniş sahəni əhatə etdiyini qeyd etmişdir [2, s. 85].

Mahmud Kaşğarlıya görə tenqiz sözü də tering (yəni, dərin) sözü ilə əlaqədardır, «dərin, geniş dəniz» anlamındadır (MK, 3, 370). Tədqiqatçıların fikrincə, dəniz sözü qədim türk dillərində «toniri» şəklində işlənmişdir. Sözün tenger şəkli də işlənməkdədir [9, s. 198; 12, s.8].

Lüğətdə izahı verilmiş hidronimlərdən biri də « Yabaku suvı » adlanır. Bu, Kaşğar dağlarından çıxan Fərqanə ilə Özçent arasında axan bir çayın adıdır (MK, 3, 36). Yabaku mənbələrdə etnonim kimi səciyyələnir. Yəni bu tayfaya məxsus olan çay [5, s. 89].

Göründüyü kimi, bu hironim tayva adını əks etdirir. Hironimlərin leksik-semantik qruplaşmasında etnonimləri ön sırada araşdıran N. Əsgərovun fikrincə, həmin qəbilə və tayfaların xeyli hissəsi türk etnosu olub, tarixin müəyyən pillələrində coğrafi ərazi baxımından başqa-başqa tayfalarla qaynayıb-qarışsa da, öz «imzalarını» yaşadıqları ərazinin müəyyən obyektlərinə vermişlər [12, s. 97].

Yamar suvı. Türk elində bir suyun adı. Yamar bir yerin adıdır. Burada- Yabaku kırlarında- böyük bir çay axar. Buna «Yamar suvı» deyirlər (MK, 3, 28). Bu ad da lüğətdə verilmiş şeir parçalarında tərənnüm olunmuşdur:

Körüp neçük kaçmadınğ

Yamar suvın keçmeding

Tavarınğnı saçmadınğ

Yesün seni ar böri.

Mənası: «Gördün, aden kaçmadın? Yamar suyunu geçmedin? Malını saçmadın? Seni sırtlan yesin» (MK, 1, 79).

Yunğu. Barman qəsəbəsinə axan böyük bir çayın adı. Barman qəsəbəsini Əfrasiyyabın oğlu- çayın kənarında saldırmışdı. Barman adı da bu qəsəbəni tikən adamın adı ilə bağlıdır (MK, 3, 369) Göl adlarının nominasiyasında oxşarlıq prinsipi əsas götürülmüşdür. Bu zaman gölün həcm ölçüləri də (genişliyi, hündürlüyü və s.) də nəzərə alınmışdır.

Adhgirak suvi. Yağma elində bir suyun adı (MK, 1, 144). Mahmud Kaşğarlı «adhgırak» sözünün mənasını belə açır: «Kulakları ak, vucudunun obiür tarafları kara olan keyik. Dişi koyun için koç nə isə bu da keyik üçün odur (MK, 1, 144). Maxpirov da Kaşğarlıya istinadən bu sözün muflon (vəhşi qoç), «dağ keçisi» mənasında işləndiyini göstərmişdir. Adhgirak suvi- dağ keçisinin suyu». Amma bu su hövzəsi Adhgirak tayfasına mənsub olduğu üçün «Adhgirak tayfasına mənsub su» mənası daha ağlabatandır [5, s. 89].

Tarım. 1) Uğur sərhəddində, «Küce yanında bir yer adı. 2) burada axan çayın adı (MK, 1, 396). Sözlükdə «tarım» sözünün 4 mənası göstərilmişdir. 1) Təkinlərə və Əfrasiyyab soyundan olan xatınlara və bunların böyük və kiçik uşaqlarına qarşı deyilən bir kəlmə; 2) Altun Tarım – Böyük qadınların ləqəbi; 3) göllərə, qumluqlara tökülən çay qolları; 4) Uyğur sərhəddində «Köçe» adındakı yerin yanında bir yer adı. «Usmı Tarım» da deyirlər. Buraya axan bir çayın adına da «Tarım» deyirlər (MK, 1, 396). Tarım sözünün mənası Usmı adı ilə eyniyyət təşkil edir (MK, 1, 130, 396). E. Murzayev «tar» sözünün türk mənşəli olub bölmək, ayırmaq, hissələrinə bölmək, bəzi tədqiqatçılar isə bu sözün «əkin yeri, şumlanmış yer» mənasını daşıdığını göstərirlər [7, s. 286; 10, s. 305].

Göl adlarında adın ikinci hissəsi göl sözü ilə (Ay göl, Terinnq göl və s.) çay adlarında isə adın ikinci hissəsi «suv» sözü ilə (Qaz suvi, Jabaqu suvi) əlaqədar yaranmışdır.

Müxtəlif appelyativli komponentlər «Divan»dakı eyni çay adını və onun qollarını fərqləndirir. Məsələn, Öküz çayının dörd adı bu diferensiasiyanı yaradır: Qaş Öküz - Ürüng Öküz - Qara Qaş Öküz- Tavuşkan Öküz (müqayisə et).

Sözlükdəki hironimlərin bir çoxunda etnosların izləri qorunub saxlanmışdır. Karakaş Öküz- hironim- Karaqas- qədim türk etnosu; Yabaqu suvu- Yabaku tayfası ilə.

Sözlükdəki hironimlərin tərkibində şəxs adları qorunub mühafizə edilmişdir: Kaz suvi (Əfrasiyyabın qızı Kazın adı ilə bağlı).

ƏDƏBİYYAT:

  1. Abdraxmanov 1975.
  2. Бартольд В.В. Сочинения. В 5 т. М.: 1963-1974.
  3. Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı, 1985.
  4. Koyçubvaev E. 1974 .
  5. Махпиров Б.У. Древнетюркская ономастика. Алма-Ата, «Гылым», 1990.
  6. Мурзаев Э.М. Краткий топонимический словарь (Синьцзяна) \\ Природа Синьцзяна и формирование пустынь Центральной Азии. М.: 1966, с. 336- 357.
  7. Мурзаев Э.М. Очерки топономики. М.: 1974.
  8. Попова В.Н. К этимологии гидронима Иртыш \\ Языки и топонимия Сибири. Томск, 1970, Вып. 3.
  9. Рамстед Г.И. Введение в алтайское языкознание. М.: 1957.
  10. Слоним И.А. О происхождении некоторых георафических названий Азии\\ Страны и народы Востока. М.: 1959, Вып. 1.
  11. Хасанов Х. Среднеазиатский географ-филолог ХI века \\ Изв. Уз. Филиала ВГО. Ташкент, 1960, т.5.
  12. Əsgərov Nəbi. Azərbaycan hironimləri. Bakı, 2002.
 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.