Baş səhifə Elmi iş Elmi məqalələr Ədəbiyyat Mətbuatdan Video Əlaqə
Cahid İsmayıloğlu













MÜNDƏRİCAT
Baş səhifə
Elmi iş
Məqalələr
Elmi məqalələr
Ədəbiyyat
Mətbuatdan
Rəylər
Video
Foto albom

 
| More

 

 

CAHİD KAZIMOV,
AMEA, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı

MAHMUD KAŞĞARLININ «DİVANÜ LUĞAT-İT-TÜRK» ƏSƏRİNDƏ ANTROPONİMİK LEKSİKANIN ÜMUMİ MƏNZƏRƏSİ

AMEA aspirantlarının elmi konfransının materialları (Məcmuə).
II hissə. – Bakı: «Elm», 2006, s. 218-219.

XI yüzilliyə aid olan xüsusi adların mühüm bir hissəsini antroponimik leksika təşkil edir. Bu leksika türk dillərinin yazıyaqədərki izlərini özündə qoruyaraq saxlamışdır. Bu dövrdə də insan adlarının yaratdığı təbəqələr xalqın tarixi inkişafı­nın mərhələlərinə tamamilə uyğun gəlir.

Statistik hesablamalara əsasən müəyyənləşdirmək mümkün olmuşdur ki, «Divan»da 110 şəxs adı işlənmişdir. Bunlardan 5-i qadın (Altun Tarım, Kaz, Süreyya və s.) adıdır. Çoxluq təşkil edən kişi adları təsviri xarakter daşıyır: Azak, Atış, Utuş, Burslan, Barman, Barsğan (Əfrasiyabın oğlanlarının adı), Çağrı Teğin, Çağrı Tiğin, Ay, Ayas, Alp Tiğin, Kümüş Tiğin, Kutluğ Tiğin, Küç Teqin, Süli (Süleyman) və s.

«Divan»dakı antroponimləri leksik-semantik və genetik xüsusiyyətlərinə görə də qruplaşdırmaq olar:

Ümumtürk mənşəli antroponimlər. Mahmud Kaşğarlının dönəmində bütün türk xalqları şimal və cənub qruplarına ayrılmışdı. Şəxs adlarını da bu qruplar üzrə təsnif etmək olar: Şimal qrupu (qıpçaq) şəxs adları (Azak, Tapaq, Inal, Kanğlı, Budrac, Selçuk, Kay, Kökyük və s.; Cənub qrupu şəxs adları (Çuğlan, Köl Bilge xan, Boğra kara xan, Yağan Teqin, Çağrı Beğ və s.

Ümumtürk sözləri (ay, kün, alp, bek, er, teqin, xan-xakan və s.) «Divan»ın antoropnonimlərin formalaşmasında müəyyən rolu olmuşdur.

Xarakterik xüsusiyyətlərdən biri tayfa adlarının bu qiymətli əsərin antrponimiyasında öz əksini tapmasıdır. Bu xüsusi adlar ikili mövqeyə malik olaraq «Divan»da həm etnosun, həm də şəxsin ad daşıyıcısı kimi çıxış etmişdir. Məs.: Kumuk, Kay, Kanğlı, Tekiş, Otamış və s.

Bəzi şəxs adları qohumluq terminlərindən düzəlmişdir: Abı, Inal, İnal öz, Kumuk, Kanğlı, Tekiş, Beği və s.

Ərəb mənşəli antroponimlər. Ərəb antroponimiyası Yaxın və Orta Şərq ölkələrinin onomastik sisteminin formalaşmasında birinci dərəcəli rol oynamışdır [Илизаров А.С. и др. О внутренней форме и происхождении арабских имен\\ Личные имена и прошлом, настоящем и будущем. М.: 1970, с. 290]. Həqiqətən də, ərəb islam mədəniyyəti, islam dini XI yüzilliyin antroponimik sisteminə müəyyən qədər təsir etmişdir. Məs.: Muhammed-ül-Muktedibiemr-illah, Muham­med Cakir Tonğa xan, Nizameddin İsrafil Toğa Teğin, İbra­him, İshak, Nuh, Lysu, Lso, Kadir, Sabit, Selim, Zülkarneyn, İskender və s.

İran mənşəli antroponimlər: Əfrasiyab (Türklərin «Tonğa Alp er» dedikləri əfsanəvi qəhrəman və böyük xaqanın farsca adı), Bəhram Çubin, Tahmures, Barsğan (Əfrasiyabın oğlunun adı), Barman (Əfrasiyabın oğlunun adı), Kaz (Əfra­siya­bın qızının adı), Siyavuş (Əfraziyab qızı Kazın kocasının adı) və s. Bu adlar Qaraxanilər dövrünün məhsulu kimi ortaya çıxmışdır.

Çin mənşəli antroponimlər: Lüğətdə çin mənşəli sözlərin bir çoxu «ş» hərfi ilə başlanır. Belə adlardan biri Şu sözüdür (digər bir adı Saka). (Bir türk xaqanının adı (MK, 3, 413).

«Divan»dakı antroponimləri tipləri üzrə də qruplaşdırmağı da məqsədəuyğun saymışıq. Birinciləri şəxsə həsr və ithaf edilmiş antroponimlər adlandırmaq olar. Məs.: Ay-Toldı, Kün-Toğdı, Tonğa Alp er Boğra kara xan və s.; İkinciləri isə təsviri antroponimlər hesab etmək məqbuldur. Məs.: Alp Aya, Bilge Beğ, Köl Bilge, Kümüş, Kümüş Teqin və s.

Beləliklə, Qaraxanilər dövrünün ad sisteminin formalaşma, inkişaf və dəyişmə qanunauyğunluqlarını monoqrafik şəkildə öyrənmək antroponimiya elminin tarixi təkamü­lünü və dinamikasını izləmək baxımından maraqlı elmi nəticələr əldə etməyə imkan yaradır.


 



Biblioqrafik göstəricilər
1. Azərbaycan dilində
2. Türk dilində
3. Özbək dilində
4. Uyğur dilində
5. Qazax dilində
6. Türkmən dilində
7. Tatar dilində
8. Başqırd dilində
9. Tacik dilində
10. Fars dilində
11. Çin dilində
12. Yapon dilində
13. Rus dilində
14. İngilis dilində
15. Alman dilində
16. Fransız dilində
17. İtalyan dilində
18. Macar dilində

 



© 2007 WebStudio.AZ
Copyright © 2009 Cahid İsmayıloğlu / www.cahidismayiloglu.com; www.ismayiloglu.com; www.cahid.info.