|
BÖYÜK BİR MƏKTƏB – PROFESSOR QƏZƏNFƏR KAZIMOV
Onun haqqında çox yazılıb, ürəkaçan sözlər deyilib və yenə yazılmaqdadır, söylənməkdədir. Dilçilik mühitində böyüdüyümdən onun barəsində evimizdə tez-tez xoş söhbətlər eşitmiş və çoxsaylı kitablarını da həvəslə oxuyub öyrənmişəm. Onun yazılarında, kitablarında bir duzluluq, hərarət, doğmalıq, hər şeydən qabaq mühakimə və təfəkkür zənginliyi hiss etmişəm. Yazılarında olduğu kimi, adi çıxışlarında da ifadə və deyim tərzinin cəlbediciliyi məni heyran qoymuş, heyrətləndirmişdir. Söhbət görkəmli dilçi-alimdən-orijinal fikirlər sahibindən - Qəzənfər Kazımovdan gedir.
Son vaxtlar vaxtımı daha çox dilçiliyə aid əsərlər oxumağa sərf etdiyim üçün məndə belə bir qənaət yaranıb ki, bu elm digər elmlərdən fərqli olaraq paradoksal-inanılmaz, qeyri-adi, qəribə fikirlərlə doludur. Və bu paradokslalları - qəribəlikləri görmək, müşahidə və dərk etmək, müəyyənləşdirmək, münasib olanı seçmək və əməli təklif vermək hər bir dilçinin gücü çatan məsələ deyil.
Elmdə adi təsəvvürlərə uyğun gəlməyən gözlənilməz hadisələr. O, başqalarından fərqli olaraq bunları aşkar edir və münasibətini bildirir.
Yaxından tanıdığıma görə deyirəm ki, şəxsi əqidə və məsuliyyət duyğusu onun iç dünyasını səhv etmirəmsə xarakterizə edə bilər. Bu əqidə onu məşhurlaşdırmış, elmi priortitetini ictimaiyyətə tam şəkildə çatdırmışdır.
İlk böyük elmi əsəri Ə. Haqverdiyevin «Dağılan tifaq» dramının dili olmuşdur. Böyük ədəbiyyatşünas M. Rəfilinin qeyd etdiyi kimi «dərin mənalı və qüdrətli ictimai bir dram». Bu dramın dil və üslub xüsusiyyətlərini öyrənmiş, 1975-ci ildə həmin əsəri «Dildən xüsusi seminar» (Yazıçı və dil) adı altında çap etdirmişdir. Alimin bu kitabında paradoksal düşüncələri sənətkar və dil, sənətkarın ədəbi dilə münasibəti və ondan istifadə manerısı çərçivəsində üzə çıxmışdır. Öyrənmək olur ki, fəaliyyəti müddətində Ə. Haqverdiyevin sədrliyi ilə çox mühüm dil məsələləri müzakirə olunur, o, dilimizin tədqiqi və öyrənilməsinə rəhbərlik edir, ədəbi dilimizin inkişafını görür, sevinir və s. Demokratik cəbhədən çıxış edən Ə. Haqverdiyevin dilçilik görüşləri, ədəbi dil baxışları Q. Kazımovun təhlil fikir prizmasında bütün çılpaqlığı ilə açıqlanır. «Dağılan tifaq»ın üzərində təkcə Ə.Haqverdiyevin bir dramatur kimi deyil, eləcə də bir dilçi kimi müəyyən işlər görməsi (yəni şivəçiliyə qarşı mübarizəsi, söz və ifadələrin yerini dəqiqləşdirməsi, lazım olan məqamlarda əvəzetmələr, əlavələr, ixtisarlar aparması və s.) bəlli olur. Bu işlərə görə sənətkarın, şübhəsiz, söhbət gedən dramının leksik-semantik, üslubi cəhətləri və frazeoloji dəyəri dilçi əməliyyatında düzgün qiymətini ala bilir.
Yazıçı dilinin bir tərkib hissəsi olan felyeton dili, ümumən publisistikamızın dili və üslubu bizdə nisbətən az öyrənilib. Dramaturgiya dilindən sonra felyetonların dili üzərində müşahidələr aparır. Ələlxüsus da böyük yazıçımız Mirzə Cəlilin publisistikasını obyekt seçir, konkret dil materiallarına əsaslanan satira vasitələrini müəyyənlləşdirir. Və onu da müəyyən edir ki, böyük ədib ustalıqla terminoloji söz, ifadə və birləşmələri də həqiqi satira vasitəsinə çevirə bilmiş, müxtəlif söz və ifadələrlə əlaqədə onların mənasını dərinləşdirmək və genişləndirməklə məcazilik imkanlarını artırmışdır. Bunun üçün dilçi-alim xeyli ictimai-siyasi və dini söz və birləşmələrin anlayış parametrlərinin xarakterik xüsusiyyətlərini, estetik keyfiyyətlərini dəqiləşdirmiş, mənalarını izləmiş, paralellərini göstərmiş, məna yükünün əsas və invariantlarının toplusunu meydana çıxarmışdır və hədəfin ifşa momentlərinə bu leksik-terminoloji layın oynadığı rolu nəzərə almışdır. Dilçinin obrazlı dilə münasibəti onun özünəməxsus düşüncəsinin məhsuludur. Diqqət edin: Eyhamlı, kinayəli, satirik dil daha obrazlı dildir. Mirzə Cəlil felyetonlarındakı ifşa üsullarının (Söz, ifadə və birləşmələri əks mənada işlətmə- əksinə söyləmə maneri; sükut-qəsdən susma maneri, sözlərin məzəli izahı və s.) təkbətək izahı felyeton yaradıcılığının gizli sirləri ilə tanışlığa imkan yaradır. Və öyrənmək olur ki, bu maneralar felyeton ustasının fikir və duyğularının daha təsirli və daha dərin ifadəsinə səbəb olmuşdur.
Mirzə Cəlilin felyotonları üzərində apardığı müşahidələr əsasında alim fikirləşir ki, sonrakı tədqiqatını ədəbi dilimizin mühüm bir mərhələsinin- 1920- 1940-cı illər mərhələsinin satirik nəsr əsərlərinin dilinə və üslubuna həsr etsin. Parodoksal düşüncələr bu mövzunun tədqiqi gedişində şaxələnir. Bu dövrün nəsr dilində komizmin dil vasitə və üsulları problemi onun düşüncə mənbəyinə çevrilir. Əsrin 20-30-cu illərin C.Məmmədquluzadə, Ə.Haqverdiyev, T.Şahbazi, B.Talıblı, Qantəmir, Mir Cəlal, S. Rəhman və b. bu kimi sənətkarların əsərlərində mərkəzi yer tutan komizmin nitq vasitələrini və paralinqvistik mexanizmini, ezop manearasının astarını ilk dəfə olaraq açır, sözün həqiqi mənasında komizm nəzəriyyəsini yaradır.Bu nəzəriyyə mübaliğəsiz demək olar ki, dil haqqında elmin fundamental məsələsidir. Buraya komizmin leksik və frazeoloji vasitələri, nitq üsulları birbaşa daxildir. Alimin bu problemləri ortaya çıxarması və özünəməxsus təhlili onun nə qədər məsuliyyətli, yorulmaz, dərin istedadını göstərir. Və istedadın nəticəsi kimi oxucu aşağıdakı kitab və monoqrafiyaları əldə edə bilir: «Komik-bədii vasitələr. Bakı, Yazıçı, 1983.-188 s.; «Bədii ədəbiyyatda komizm üsulları». Bakı, «Maarif», 1987, 228 s.; «Теория комического (Проблемя языковых средств и приемов). «АСПОЛИГРАФ», Баку, 2004, 268 с.)
Haqqında yığcam bəhs etdiyimiz onun namizədlik və doktorluq dissertasiyalarına aid olan monoqrafiyalardır. Elmi yaradıcılığının dissertasiya müstəvisində olan qiymətli nümunələridir.
Qəzənfər Kazımov folklor sahəsində mühüm xidmətlər göstərmişdir. Alim var bir dar sahə ilə məşğul olur, alim də var onu düşündürən nə varsa, onu mütləq ağ kazız üzərinə köçürür. Elə belə köçürmür. O vərəqlər üzərində sözü qalır, izi qalır. Qəzənfər müəllimin XVI yüzilliyin görkəmli el sənətkarı, yeni realist şeir məktəbinin banisi Qurbani haqqında qeyri-adi fikirləri folklor aləmində özündən deyənləri-Qurbanini cənublu sayanları çaş-baş saldı. Alim aşığın həyatı və yaradıcılıq yolunu ilk dəfə geniş olaraq öyrəndi, əsərlərinin ideya-estetik mahiyyətini, poetik xüsusiyyətlərini, Şah İsmayılla olan əlaqələrini tədqiq etdi, ana dilimizin milliləşməsi sahəsində xidmətlərini, onun sələflərini, ənənələrini və s. ilk dəfə meydana çıxardı. Bircə fikirlə hörmətli oxucularımızı tanış etmək istəyirəm: «Qurbani öz dövründə vətən xainlərinin- «bədəsillər»in ucbatından vətəndən didərgin düşmüşdü. İndi Qurbaninin nəvə-nəticələri də didərgindir və üstəlik həmin bədəsillər onun vətən torpağını da düşmən tapdağına çevirmişlər. Görünür, dünyanın bu cür keşməkeşli işlərini çox gördüyü üçün Qurbani deyirdi:
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz Vətəndən ayrı.
Bu yazını bitirərkən, düşünürəm ki, indi Qurbani daha dərin girdabdadır; hələ də düzəlməmiş, yaxşı düzəldilməmiş məzarından boylanaraq vətən övladlarının yolunu gözləyir, dərin ağrı və kədər içində «Köç-köç oldu, köçdü ellər, obalar deyir…(Q.Kazımov. Qurbani və poetikası. Bakı, 1996, s. 193).
Dilimizin tarixi. Bu tarixi yazmaq çox təəssüf kimi çoxlarının bildiyi və etiraf etdiyi kimi yad əllərdə olub. Elə ona görə də qəsdən bu tarix saxtalaşdırılıb, həqiqət üzə çıxarılmayıb. Yaxşı ki, mövqeyi aydın, fikri təmiz tarixçi, ədəbiyyatşünas və dilçilərimiz o təhrif «qəhrəmanlarına» öz sözlərini deyə biliblər. O cümlədən Qəzənfər Kazımov. «Azərbaycan dilinin tarixi» (Təhsil, Bakı, 2003, 583 s.) kitabı ilə. Kitab çıxar-çıxmaz əks qütblər bərk narahatlıq keçirdilər və elə kitabın ilkin müzakirsində məğlub oldular. Kitabda ən qədim dövrlərdən XIII əsrə qədərki Azərbaycan dilinin tarixi işıqlandırılmışdı. Kitabın annotasiyasında göstərildiyi kimi, 6 fəsildən ibarət olan bu kitabda ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailələrinin yaranması, şumer-türk varisliyi, e.ə. III-I minilliklərdə protoazərbaycan dilinin inkişaf yolu- Azərbaycanda etnik tərkib və dil məsələləri, ümumxalq Azərbaycan dilinin (III- V əsrlər), sonrakı mərhələdə (VI-VIII əsrlər) Azərbaycan şifahi ədəbi dilinin formalaşmasını şərtləndirən amillər nəzərdən keçirilmiş, ilk dəfə olaraq təşəkkül dövrünün ölməz abidəsi olaraq «Dədə Qorqud»un dilinin sintaktik quruluşu geniş tədqiq edilmişdir (Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, «Təhsil», 2003, 584 s.).
«Ulu dil bəşərin sülh çağından nəhəng bir varlıq kimi boylanır. Öz törəmələrini hesaba almaq istəsə, təəccüb edər, çaşıb qalar. Onun ilk övladlarından-protodillərdən törəyən, bir dil ailəsi tərkibində birləşən qəbilə, tayfa, xalq dilləri, xalq dilləri daxilində ədəbi dil, dialekt və şivə qolları…-bunlar sanki on-on beş min il ərzində həndəsi silsilə ilə artıb-çoxalır. Ən maraqlısı da budur ki, bütün bunlarda böyük bir nizam var, poeziya var, son dərəcə böyük qanunauyğunluqlar var». Onun çoxzlarından seçilən baxışına görə bu dərinliklərə baş vurduqca, keçmişini öyrəndikcə insan özündə mənəvi yüksəklik duyur…». Mənəvi yüksəklik. Bu anlayışın bütöv spektri Qəzənfər müəllimdə cəmləşib. Bu mənəvi yüksəklik onun 2005-ci ildə çap etdirdiyi «Dil, tarix, poeziya» (Bakı, «Nurlan», 2005, 600 s.) kitabında bir daha görünməkdədir. Məlum olur ki, alimin 1997-ci ildə çapdan çıxan «Sənət düşüncələri» kitabına daxil olmamış bir sıra məqalələri qalmış, son illərdə daha ardıcıl çalışmış və dilin yaranması, dil tarixi, dialektologiya, türkologiya, söz birləşməsi, cümlə və mətn problemlərinə dair xeyli məqalə yazmışdır. Eyni zamanda əsərləri içərisində yazıçı dilinə, bədii əsərlərin təhlilinə, görkəmli elm və sənət adamlarının portiret cizgilərinə, metodika və tədris məsələlərinə həsr olunmuş məqalələri də qəzet yazıları istisna olunmaqla kitab şəklində nəşr edilməmişdir. Bunlar onun yuxarıda adını çəkdiyimiz kitabında toplanaraq 5 başlıq altında verilmişdir: I. Dilin mənşəyi və tarixi. Dialektologiya. Türkologiya. II. Dilimizin quruluşu: fonetika, orfoqrafiya, orfoepiya, leksika, morfologiya, cümlə və mətn problemləri. III. Ədəbi dil, bədii dil, tənqid və ədəbiyyatşünaslıq. IV. Müasirlərimiz: Doğma və yaxın adamlar.V.Məktəb, tədris, dərslik.
Sənət düşüncələri. Bu düşüncələr içərisində alimin yazıçı dili, bədii dil məsələləri, üslublar və normalar, dərsliklərimizə, ayrı-ayrı sənətkarlara, alimlərə, şəksiyyətlərə münasibəti və s. öz ifadəsini tapmışdır.
Q.Kazımov kitablarının birini «Dilimiz-tariximiz» («Elm» nəşriyyatı, 1998, 280 s.) adlandırsa da, əslində burada onun keçdiyi həyat yolundan (bu həyat yolu elə dilçiliyimizin yoludur), tarixi keçmişindən söhbət açılır. Kitab Qəzənfər Kazımov kimdir? Kimin ailəsində dünyaya göz açıb? Hansı kənddir kəndi? O kəndin yetirmələri kimdir?; Qəzənfərin dostları, yoldaşları kim olub? Bu çoxsaylı suallara həmin kitab körpü salır. Kitabı birnəfəsə oxuyursan və düşünürsən, çətinliklə böyüyən bir uşağın aradığı, axtardığı keçmiş, taleyi, atasının cəbhə məktübları, qanlı-qadalı illərin ağrı-acıları sənədli-xatirə povest şəklində yarı ciddi, yarı yumorlu səhnələrlə təqdim olunur, hadisələr, əhvalatlar bir kino lenti kimi gözlərimiz önündən gəlib keçir. Elə bu vaxt Qəzənfər səviyyəsindən də yuxarı mərtəbələrə gedib çıxmış, amma hallalıqla yox, başqa yollarla yüksələn, «cild-cild kitablar müəllifi» olan kimsələr yada düşür. Əlbəttə, o nəzərdə tutduğumuz adamın atası Vətən üçün vuruşmayıb, cəbhədə həlak olmayıb. Yəni, istsək də, istəməsək də bu ağrı-acılara kədərlənirik, sonrakı inkişafa sevinirik.
Q.Kazımovun dilçilik problemlərinə ümumi baxışı çoxlarını ilgiləndirir və ona qarşı müxalif qüvvələrin inkişafını arxa plana keçirir. Faktlar bunu deməyə əsas verir. Onun mətn dilçiliyindəki problemlərə baxışı birtərəfli deyil, bu sintaksisin bütün sahələrini əhatə etmək iqtidarına, gücünə malikdir.
Paradoksallar alim üçün təəssüf doğurmaya bilmir. Diqqət edin: Aktual üzvlənmə və mətn məsələsi sintaksisin ən mühüm problemlərindəndir. Lakin çox təəssüf ki, bu məsələ hələ bizim dərsliklərə daxil ola bilməyib. Problem bütün sintaktik quruluşu əhatə edir və əgər dilin kommunikativlik imkanları, dil və nitq arasında mövcud olan sintaqmatik və paradiqmatik münasibətlər işlənərsə, müasir Azərbaycan ədəbi dilinin sintaksisi tamamilə yenidən işlənmiş olar.
Q.Kazımovun müəyyənləşdirdiyi digər bir paradoks-hamı tərəfindən qəbul edilmiş fikir: …cümləni bu qədər mübtəda və xəbərə ayırmağın, heç bir praktik əhəmiyyəti olmayan, insanın maddi-mənəvi inkişafında heç bir əməli rolu olmayan baş və ikinci dərəcəli üzvlər bölgüsünün yaradılması və ikinci sinifdən başlayaraq şagirdlərə öyrədilməsi hansı məntiqi zəminlə bağlıdır? İnsan bunun faydasını harada, nə zaman görməlidir?
Lakin nitqin kommunikativ mahiyyəti nəzərə alındıqda dilin bütün elementləri hərəkətə gəlir və öz əhəmiyyətini göstərir. Bizim fikrimizcə, Azərbaycan dilinin sintaksisinə aid tədqiq və araşdırmaları, xüsusən sintaksis dərsliklərini bu istiqamətə yönəltməyin vaxtı çatmışdır. Bəzi dilçilərin dil sistemini potensial (sintaktik) və aktual (suprasintaktik) yaruslara ayırması, aktual sintaksisi ayrıca bir səviyyə kimi nəzərdə tutmaları təsadüfi deyildir. Bu cəhəti əsas götürdükdə biz bu vaxta qədər yalnız potensial sintaksislə məşğul olmuşuq…Suprasintaktik səviyyənin, aktual səviyyənin öyrənilməsi çox vacibdir və yalnız bu yolla dilimizin kommunikativ imkanlarını, dialoji və monoloji nitqin nə üçün bu və ya digər şəkildə qurulduğu açıla, aydınlaşdırıla bilər. (Mətn dilçiliyi problemləri \\ Ə.Abdullayevin «Aktual üzvlənmə və mətn» (Bakı, 1998) kitabına yazdığı ön sözdən, s. 5-6)
Göründüyü kimi, onun yürütdüyü nəzəri müddəalar yeniliyi, istiqamətverici xarakterilə fərqlənir və dilimizin sintaksisi sahəsində gələcək işlər üçün perspektivlər, yollar açır.
O, ümumtəhsil məktəbləri üçün «Azərbaycan dili» dərsliklərinin yaradılması işində böyük əmək sərf etmişdir. 7-8-ci, sonradan 8-9-cu siniflər üçün yazdığı sintaksis dərsliyi müsabiqə komissiyasının II mükafatına layiq görülmüşdür (22 aprel 1988-ci ildə). O biri alternativ dərsliklə müqayisədə Azərbaycan dili və ədəbiyyat müəllimləri və şagirdlərimiz tərəfindən yekdilliklə qəbul edilmişdir.
AMEA-nın müxbir üzvlüyünə sənəd verən dilçilərdən biri bu günlərdə belə fikir işlədib. Mənim kitablarımı bir yerə toplasaq, onu yerdən qaldırmaq olmaz. O alim bilməlidir ki, mənim aləmimdə kitabların sayı alimin sambalını ifadə etmir. Kitabların, dərsliklərin nəzəri və praktik əhəmiyyəti ilk növbədə nəzərə alınmalıdır. Məhz Q. Kazımov belə alimlərimizdəndir. Onun kitablarının sayı da çoxdur, sambalı da, elmi-nəzəri əhəmiyyəti də genişdir.
Q.Kazımov haqqında maraqlı, heç kəsin bilmədiyi bir mövqeyi də açıqlamaq istərdim. Məlumdur ki, görkəmli tarixçi alim İqrar Əliyevin konsepsiyası ilə çoxları razılaşmır. O cümlədən Q.Kazımov. Onu tənqid edənlər sırasında Q. Kazımov da var. İqrar müəllim yalnız bu alimlə, bu alimin tənqidi ilə razılaşıb. Sağlığında, deyib ki (AMEA-nın müxbir üzvü, hörmətli alimimiz Azad Nəbiyevə), maraqlıdır, təkcə onun iradlarına cavab verə bilmirəm. Çünki Qəzənfər müəllimdə qərəz mövqe yoxdur (belə çıxmasın ki, İqrar Əliyevlə razılaşmayanlar qərəzli mövqedədir, əsla yox!) , məsələlərə obyektiv yanaşır, tənqid olunmaq üçün əl yeri qoymur. Hər şeyə haqla, ədalətlə yanaşır.
Q.Kazımov polemikaya cəhd göstərən və oppentindən qətiyyən çəkinməyən alimlərimizdəndir. Məsələn, söz birləşməsi problemi ilə tanınmış dilçi, professor Yusif Seyidov məşğul olur. Onun təsnifatı bir cürdür, Qəzənfər müəllimin təsnifi digər bir cürdür. Q. Kazımov bölgüsündə sintaktik prinsipə, Y. Seyidov isə morfoloji prinsipə əsaslalanılır, fikirlərini bu yöndə aydınlaşdırırlar. Biz bu iki sintaktik sahəsində böyük iz qoymuş alimləri qorumalıyıq, əksinə bir-birinin əleyhinə (qərəzdi olmasa demərəm) müəyyən gözdənsalma yazılarla çıxış etməməliyik.
Mübaliğəsiz demək olar ki, Q.Kazımov əsl müəllimdir. Vətəndaş alimdir. O təkcə özünü, ailəsini fikirləşmir, içində yaşadığı quruluşun problemlərinə hər bir yazısında münasibət bildirir və özü də çıxış, bəlalardan xilas olmaq yollarını göstərir. Çoxsaylı ictimai-siyasi hadisələrin burulğanlarında özünü itirən alimlərdən fərqli olaraq o, dəyişən zamanın dalğalarının sərt küləklərinin insanlara etdiyi müsbət və ya mənfi təsiri diqqətlə izləyir və dövrün axarının nə ilə nəticələnəcəyini qabaqcadan görür. Və gerçəklik işığında həmin məsələləri aşılayır.
Yazılarında yaşadığımız dövrün ictimai-siyasi hadisələrinə birbaşa müdaxilə etmir. Məsələn, yazıçı Ağarəhim Rəhimovun bədii əsərləri haqqında danışır, buradakı fikirlərlə «Oğuznamə»dəkiləri qarşılaşdırır və hər iki əsərdən çıxan nəticəni əxlaq məsələləri ilə əlaqələndirir. Müəllimi, professor Ə. Dəmirçizadəyə müraciətlə yazdığı « Suyumuz yaman bulanıb» və bundan sonra ictimai-siyasi hadisələrin mahiyyətini açır.
Sözümün sonunda bir şey ağlıma gəldi, fikirləşdim ki, Qəzənfər müəllim əgər çoxlarının düşündüyü kimi hərəkət etsəydi, onda Qəzənfər müəllim olmazdı axı! Bu dəyərli əsərləri yazan, bu böyük işləri görən Qəzənfər müəllimdən savayı heç kim ola bilməzdi. Onun tələbəsi olmuş atam da bir dilçi kimi mənim fikrimə şərik oldu.
Aspiranturaya qəbul olunmuşdum. Mövzu axtarışına çıxmışdım. Köməyimə də Qəzənfər müəllim gəldi. «Mahmud Kaşğarlının «Divan»ında onomastik leksika». Mövzu ürəyimcən oldu. Elmi rəhbər kimi görmək istədim. Məndən asılı deyildi…
İndi də Qəzənfər müəllimin keçmiş tələbələri, rayonlarda, kəndlərdə müəllimliklə məşğul olan tələbələri onunla əlaqəsini üzmür, dissertasiya mövzuları götürür, bu böyük alimin rəhbərliyi altında elmi işlərlərlə məşğul olurlar.
Mən Qəzənfər müəllimin bir neçə kitabı haqqında da mətbuatda çıxışlarım olub. Onun əsərlərini internet saytında əks etdirmişəm. Maraqlıdır ki, bu sayta dünyanın müxtəlif ölkələrindən nə qədər məktublar gəlir. Əsərlərini yüksək qiymətləndirirlər.
Martın 3-ü Qəzənfər müəllimin 70 yaşı tamam olur. Bu yaşın 50 ilini Azərbaycan xalqına, filologiya elminə həsr edib, xidmət göstərib. Amma bu mənalı ömrü Qəzənfər Kazımov zövqlə, yaza-yaza keçirmişdir. Bir tələbəsinin «Onun dediyi dərsdən olmaz» fikri. Həqiqətən də onun dilçilik görüşləri ilə bərabər pedaqoji ustalığı da gələcək nəsillər üçün öyrənilməlidir. «Qəzənfər Kazımovun mühazirələri». Bu fikir də çox sələnir. Görünür, həmin mühazirələrdə nəsə sirli bir aləm var.
Tələbələri də onu həddən artıq çox istəyir. Onun şəxsiyyətinə, yüksək elmi potensialına və mədəni, intellektual səviyyəsinə və nəhayət öyrətmə texnologiyasına görə…
Sehrimi var nəfəsində?
Lal da dinər, bil, dərsində.
Dilin hər bölmə-fəslində
Dərdə dərman müəllimim! (Rəsmiyyə).
Q.Kazımovun həyatı, fəaliyyəti və xüsusən də elmi-pedaqoji ustalığı həqiqətən də öyrənilməyə, təbliğ olunmağa tamamilə layiqdir. Bunu nəzərə alaraq «Qəzənfər Kazımovun elmi-pedaqoji fəaliyyəti» adlı kitab üzərində işləyirəm.
Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Mənim aləmimdə hansı dövrdə olursa-olsun əsl alim öz qiymətini almalıdır. Alim pillə-pillə yüksəlməlidir. Ədalətlə desək, əlbəttə Q.Kazımov AMEA-nın müxbir üzvü olmağa bu gün tam şəkildə layiqdir. Çünki o, filologiyanın prinsipial məsələləri ilə məşğul olaraq öz əsərləri və yetirmələri ilə böyük bir məktəb yaratmışdır. Böyük məktəb yaradanlar bu ada layiq ola bilər. Çoxları da özünü bu pilləyə qalxmağa layiq bilir. Amma gərək cəmiyyət, dövlət, bu işlə məşğul olanlar necə deyirlər, seçiciləri ələyib ələkdən keçirsinlər, kimin layiq olduğunu dəqiqləşdirsinlər. Onun əməyini, çoxtərəfli fəaliyyətini, gənc nəslin inkişafındakı rolunu, elmimizə xidmətlərini, elmi və pedaqoji kadrların hazırlanmasında olan zəhmətini və nəhayət özünəməxsus dilçilik görüşlərini, filoloji konsepsiyalarını nəzərə alsınlar. Amma o da var ki, Qəzənfər müəllimin AMEA-nın müxbir üzvü olmağa da ehtiyacı yoxdur. Əksəriyyətin fikrincə, o, onsuz da bu tituldan da yüksək səviyyədə dayanır.
CAHİD İSMAYILOĞLU
1 fevral 2007-ci il.
|
|